GÜNƏŞ ŞUŞA

Tarih : 2021-03-21 / Kategori : Kültür & Sanat

GÜNƏŞ ŞUŞA

Tarixin gündəliyindən: Mənə elə gəlir ki, şifahi ədəbiyyatımızın görünməyən guşəsində Şuşa ilə bağlı çox mühüm bir sirr gizlənir. O sirr pərdəsi götürülsə, hər kəsə bəlli olardı ki, Şuşanın mənası Günəş deməkdir. Günəş və Şuşa. Bu əkiz sözlər bir-birinə çox yaraşır, biri digərinə əzəmət gətirir!

İgidlərimizin Şuşa yolunu aydınladan Günəş hər zaman Şuşanı sevmiş və onun varlığından mənəvi rahatlıq tapmışdı. Şuşanın fəthi o sirr pərdəsiydi ki, rəşadətli bir Zəfərlə artıq aradan qalxdı...

Şuşa! Məndən sənin üçün bu məkan nədir soruşan olsa, tərəddüd etmədən belə deyərəm: bu inci məkan dağlara əzəmət, meşələrə gözəllik, bulaqlara sərinlik, günəşə istilik, buludlara təravət, ulduzlara parıltı, qəlblərə paklıq gətirən ata yurdumuzdur. Alınmaz, təslim olmaz, ələ keçsə belə düşmənə könül verməyən müqəddəs Şuşa! Soyuq havalı, isti yuvalı, başı dumanlı, gözləri yaşlı qala! Şuşa, görəsən, özün öz gözəlliyini, əzəmətini, yaraşığını bilirsənmi? Kaş biləydin ki, bizim üçün nə qədər əzizsən, Şuşa! Biz, bütün xalqımız sənin varlığınla nəfəs alırıq Şuşa. Sən türkün, türklüyün, türkçülüyün vüqar səltənətinin zirvə nöqtəsisən, Şuşa!
 
Belə dolanan kəmər kimi Şuşaya gedən yamaca sarılan dolanbac yolları seyr etmək xoş olduğu kimi, həm də iztirablıydı. Bəli, yol və astana hər bir evin qeyrət qapısının girişidir. İllər uzunu müqəddəs bir evə layiq olmayan ayaqların basıldığı bu yolun çəkdiyi nisgili uzaqdan-uzağa görür və içimdə qəribə bir utanc hissi keçirirdim. Bu incik yollar düşməni özündən inadkarlıqla rədd etməyə başlamışdı. Bundan sonra müqəddəs ata ocağına gedən bu yola gözəllik sevən insanların pəncələri dəydikcə dağ-daş sevinəcək, ağaclar minnətdarlıq barı ilə başlarını dibinə qədər əyəcəkdilər. Torpaqdan ayrılan şükür və minnətdarlıq sədaları yeri-göyü silkələyəcək, dağlara, qayalara sürtünüb əks-səda verəcəkdi. Baxışlarımı belbağı yollardan çəkə bilmirdim. Baxdıqca-baxır, əzizlədikcə əzizləyirdim bu yamacı. Şuşaya uzaqdan baxmağın öz ləzzəti, öz həzzi vardı. İndi gör bir onun qoynuna sığınanda necə xoşallanacaqdım. Bəs, Şuşa özü? Hər isti nəfəsi duyduqca sevinəcək, gülüşü, qəhqəhəsi ilə zirvəli dağları, okeanları, dənizləri, çayları və gölləri, bərzəx və boğazları diksindirəcəkdi. Hər dəfə gözlərimi qırpıb yenidən sərt qayaların üstündəki əzəmətə dikəndə elə bil ki, canlı abidəyə çevrilib, ən qürurlu insan kimi “gəl məni, gör, qoynuma sığın, gözəlliyimdən həzz al”, - deyirdi mənə doğma Şuşa. 
 
Şuşa büllur sudan yoğurulan varlığın paklıq və təmizlik rəmzidir. Vüqarlı görkəmi, solmayan təravəti, heç yerdə rast gəlinməyən bihuşedici ətri adamı məst edirdi. Bir-birini tamamlayan gözəllik nişanələrinin valehedici təsiri ruhumu yüngülləşdirmişdi. İmkanım olsa, Şuşanın ziyarətinə silahla, güllə və bıçaqla yox, bir dəstə çiçəklə gedərdim. Ən böyük qızılgül buketi bağlatdırıb hüzurunda diz çökərdim Şuşanın. Arzularıma baxmayaraq, hər şey əksinə olurdu. Şuşaya uzanan kəmər yolun girişində donmuş qızılgül kolu qarşıladı bizi. Qızılgülün üstündə donan qar brilyant daşları kimi bərq vururdu. Dilim-dilim aşağı uzanan buzlar sanki keçmiş illərin nisgilli günlərini qızılgülün ləçəklərindən sorub torpağa axıtmaq, qəmi və kədəri birdəfəlik dəfn etmək istəyirdilər.
 
...Biz Daşaltıya çatanda irəlidə hərəkət edən xüsusi təyinatlıların çevik batalyonları düşmənin bütün qüvvələrini alt-üst etmişdilər. Bütün mövqelər ələ keçirilmiş, gözlənilən bütün əks-hücumların dəf edilməsi üçün tədbirlər görülmüşdü. İndi bu müqəddəs türk məkanında hava da, torpaq da, təbiətin bütün inciləri də Azərbaycan əsgərinin isti nəfəsi ilə qızınır, onun gülüş və sevinci ilə fərəhlənirdi. Başdan-başa paklanan Şuşanın qürurla çırpınan ürəyinin döyüntüsü təbiətin ahəstə ritminə xüsusi bir gözəllik bəxş etmişdi.
 
Belə bir şərəf yolunun başlanğıcında komandirdən başqa, 12 nəfərlik dəstəmizdən sağ qalan yalnız Qurd və mən idim! Xüsusi təyinatlı igidlər dörd bir tərəfdən sıldırım qayalardan, keçilməz dərələrdən, cəngəl meşələrdən Şuşaya doğru hərəkət edəcəkdilər. Onların nur çöhrəli üzlərinə, həyat eşqi ilə işım-işım işıldayan baxışlarını seyr etdikcə gözlərim önündə Şəhid başda olmaqla, igid döyüşçü silahdaşlarımın xoş çöhrəli sürətləri canlanırdı. Sanki silahdaşlarımız ruhlarının nurunu bu qəhrəman igidin canına əmanət edib Dərgaha qovuşmuşdular. 
 
Xoş müjdəli xəbər gözləyirdik. Qurd ilə birlikdə daxil olduğumuz yeni döyüşçü dəstə Şuşanın fəthi yolunda hərəkət edəcəkdi. Bu gündən döyüş yollarımız ayrılırdı. Burada da məni Tarix adı ilə çağırırdılar...
 
Qurd ilə iki qardaş sal bir daşın üstündə baş-başa, çiyin-çiyinə oturub Gəncə qapıları tərəfindən Şuşaya baxırdıq. Qəfildən kim idisə “Elxan, bir az da səbr elə sanitarlar çatır”,- deyə səslənəndə ikimiz də birdən yan tərəfə döndük. Bizdən bir az aralıda qarayanız oğlan qayanın üstündə oturub nəsə qurdalanırdı. Çiyninə saldığı kitelinin paqonlarından mayor olduğu bəlliydi. Əvvəl elə başa düşdük ki, paltarını tikir. O, əl saxlayıb, onu səsləyən hərbçiyə dedi:
 
–İmranov soyadını siyahıdan sil. Yaramı özüm tikdim!
 
Payızın bu soyuğunda qurşaqdan yuxarı soyunub özünü yaylaqda hiss edirmiş kimi yarasını öz əlləri ilə tikən igid hərbçimiz sözlərini bitirib qəhqəhə çəkdi. Elə bil ki, bununla təkcə canının ağrısına deyil, illərdən bəri xalqımızı haqsızlığa düçar edən bütün zalımlara meydan oxuyurdu: Bu, bizik!!! 
Təzədən öz aləmimizə qapıldıq. Necə oldusa söhbət ailələrdən, gözü yol çəkənlərimizdən düşdü. Qurd elə bil ki, qəlb boğçasının düyünlərini açmağa məqam axtarırdı. Bu boğçanı qoydu sıldırımın üstünə, sonra əlinə bir çaylaq daşı alıb güllü parçanın düyünlərini əzib açdı onları. Əlindəki daş parçasını boğçanın düyünlərinə elə çırpırdı ki, onu açanda içindəki dərd-qəmi də əzib məhv eləsin. Hər şey istədiyindən də təsirli olurdu. Qurdun vurduğu hər zərbə boğçasının içindəki dərdi, qəmi zar-zar inildədirdi. 
 
Yaşı otuza hələ çatmamış bu cəsur gəncin sinəsində nə qədər dərd olarmış, İlahi!? O, danışdıqca, öz ailə dərdlərimi unudurdum. Atasının faciəli ölümünü danışandan sonra dedi:
–Anamı çox tez itirmişəm. Həmişə deyərdi ki, kaş səni evləndirənə qədər Şuşanı azad edək, toy çadırını Cıdır düzündə qurarıq. Doğulacaq qız nəvəmin də adını Qərənfil qoyaram. İnşallah Tanrı mənə qərənfil gülü kimi göz oxşayan bir nəvə nəsib edər. Düzünü desəm, o vaxt yaşım və dünyagörüşüm anamın söhbətlərini dərk etməyə imkan vermirdi. Ah, anamın arzuları ürəyində getdi! 
 
Tüklərim biz-biz olmuşdu. Elə bilirdim ki, Qurdun anası Bülbül müəllimə olub. Gör bir analarımız Şuşa dərdi ilə hansı iztirabları çəkmişdilər!? Hər ailədə Şuşa dərdi, hər ailədə qərənfil acısı, xarıbülbül nisgili yaşanmışdı. Bizim ailənin qərənfil dərdi qayalara dəysə, onu parça-parça edər, dağlara toxunsa dağıdıb toza çevirərdi. Mən isə indi öz dərdimi unudub, Qurdun ürək parçalayan acılarına şərik olmaq istəyirdim. Nə bilərdim ki, söhbət ortaq dərdimizin üstünə gələndə
 
Daşaltının yuxarı səmtində üstündə oturduğumuz qaya parçası da buna tap gətirməyib silkələnəcək.
Kövrəldiyimi hiss etdirməmək üçün üzümü yana çevirib diqqətimin onda olduğunu hiss etsin deyə, barmaqlarımla Qurdun diz qapaqlığını sıxdım. O isə kirimək bilmədən danışırdı:
 
–Mənim xalam qızı var. Adı Xarıdır. BDU-nu  bitirib. Əslində, doğma deyilik. Ona görə əsl adını da bilmirəm. Xalam onu qaçqınlıq dövründə  Arazın sahilində tapıb. Axırıncı dəfə anamın sağlığında görmüşəm onu. Təxminən siz yaşda olar. Özü tapıldığını bilmir. Xalam özlərini bütün qohumlardan təcrid edib ki, Xarı nə vaxtsa, özü haqqında həqiqəti öyrənib sarsılmasın. Xarı iki gün Arazın sahilində ermənilərin öldürdüyü anasının döşünü əmibmiş. Xalam bu barədə ancaq anama danışırmış. Anam bütün bunları ölüm yatağında olanda mənə nağıl elədi. Deyirdi ki, hər dəfə Xarını görəndə elə bilirdim ki, Arazın suları bu qızın adına ağı deyib şaqqıldayır. 
 
Görünür, Allah məsləkinə cani-qəlbdən bağlı olanlara daha çox yardım edir. Qurdun mənə danışdıqları ən məşhur Hindistan filmlərindəki fantaziyalardan da qüvvətli dram, faciəli həyat hekayəsiydi. Gözlərimin önündə Xarının hər zaman təbəssümlü olan çöhrəsi canlandı. Şəhid qardaşımız mobil telefon aparatına “cibtel” dediyi üçün biz də döyüş yolumuzda bu simsiz rabitə cihazına eyni adı vermişdik. Ağzımı doldurdum deyim ki, gəl, bu danışdıqlarını bir-bir təkrarla “cibtellə” videoya çəkim. Tez də fikrimdən daşındım. Qorxdum ki, Qurdun ürəyinə başqa bir şey gələr. Şəhid olacağına eyham vururam. Birdən günəşin şəfəqləri gurlaşdı. Gördüm ki, ətrafımızda nə qədər yarpaq varsa hamısı şəfəqlər altında bərq vurur. Bu qədər əzəmətli canlı çəkilişin olduğu hadisələr nə vaxtsa unudula bilərdimi? Heç vaxt. Necə ki, indi Qurd otuz il bundan əvvəl yaşanmış qanlı tarixi danışırdı, demək bizim söhbətimizə də dağlar, qayalar nə vaxtsa şahidlik edəcəkdilər! 
 
Qəfildən hamını, hər şeyi, harada olduğumu unudub Vidat müəllimi xatırladım. Möcüzələr dünyasından mənim ömür payıma düşən acılar bir-birinin ardınca gözlərim önündə səhifələnirdi. Birdən mənə elə gəldi ki, Vidat müəllim ilə Qurd eyni həyat dramının bütün acı çalarlarını bilir və bunu öz aralarında razılaşıb mənə hissə-hissə danışıqlar ki, ürəyim bu dərdlərin acısından partlamasın, dözüm və sonadək dinləyim onları. Az qalırdım var gücümlə hayqırıb bağırtı ilə dağlara, qayalara, meşələrə səslənim ki, onların xilası üçün evdə yarımcan qoyub gəldiyim Qərənfili və Xarını da onlar unutmasınlar. Dil açıb küləkdən qərənfil və xarıbülbül toxumlarını istəsinlər. Günəş də topa buludlara üz tutub, bu iki çiçəyin hər qarış torpaqda cücərməsi üçün arzularıma həyan olmalarını təmənna etsin.
 
Görəsən, Xarı ürəyimdən keçən bu istəkləri eşitsə nə deyərdi? Bəs, Qərənfil? Bu suallar beynimdən keçəndə Qurdun qürurlu və sakit səsi məni xəyaldan ayırdı və bir anda da bədənim gizildədi:
 
–Tarix, cənazəmi Şuşada basdırın. Elə yerdə ki, oradan Topxana görünsün. İbrahim Xəlil Xanın Kahası  tərəfdən əsən sərin meh qəbrimi ziyarət edənlərin üz-gözünü yaladıqca, özlərindən asılı olmayaraq, əllərini sifətlərinə aparıb salavat çevirəcəklər. Məzarımın üstünə mütləq ovuc-ovuc qərənfil gülünün toxumunu səpərsən. 
 
Çiynindən yapışıb var gücümlə özümə tərəf çəkdim:
–Cani-qəlbdən Vətən yolunda savaşmaq özü də şəhadətdir. Ürəyimə damıb ki, bir-iki günə qələbə elan olunacaq. Müharibə bitəcək. Əbədiyyətə kimi bu rəşadətdən danışılacaq. Təsəvvür edirsənmi, son iki yüz ildə təkcə Azərbaycan deyil, bütün Türk-İslam dünyası Şimali Kiprin azadlığından sonra ilk dəfədir ki, işğal altından torpaq xilas edir. Bunu Azərbaycan edir, Azərbaycan!!!
 
Bu dəfə Qurd mənim çiynimi basdı:
–Dediklərinə heç şübhəm yoxdur. Çünki bu şərəf tarixində cəsarəti və müdrikliyilə bizlərə cəsarət verən Şəhid, Zirvəyə ucalan yolumuzu açan isə Cihad və silahdaşları oldu. İgidlərimiz bir-bir canlarından keçib bizləri Zəfər yoluna çıxarıb şərəfləndirdilər. 
Mavi səmada gözümə dəyən qaraltı məni ayağa qaldırdı. Elə bildim bizə tərəf qara bulud axır. Bu vaxt gördüm ki, yox, tamam başqa bir əzəmətdir. Qurd da yerindən qalxıb qaraltının seyrinə dalmışdı. O, məndən fərqli olaraq özünü çox sakit və təmkinli aparırdı. Adına və özünə yaraşan bir hərəkətlə əvvəlcə “Nə gözəl!”,- deyib pəncələri üstə qalxdı və gördüklərindən həzz alırmış kimi davam etdi:
–Şuşa artıq mənən azaddır. Gör bir quşlar sevinclə necə şövqlə rəqs edirlər? 
Elə bu vaxt Xarıdan “cibtel”imə SMS gəldi. Yazırdı: “Tarix, hamı danışır ki, bizimkilər Şuşanı geri alıb. Azərbaycanın hər yerində toy-bayramdır. İnan mənə, quşlar səmada, balıqlar dənizdə, meyvələr, yarpaqlar ağac budaqlarında, buludlardan qopan yağış damlaları səmada sevincimizə qoşulub alqış edirlər”. Özümdən asılı olmayaraq ani olaraq, bədii-romantik dünyama çəkildim. Xarıdan halallığını alıb bu gözəl ifadələri məmnuniyyətlə “qeyd dəftərimə” yazdığım birinci və sonuncu hekayədə uyğun bir yerə əlavə edərdim. 
Gözlərimi “cibtel”in ekranından çəkib aydın səmanı seyr edirdim. Yalnız Qurdun sözlərindən sonra gördüyüm qaraltının sığırçın dəstəsi olduğunun fərqinə vardım. Çox-çox uzaqlardan süzə-süzə baş-başa gələn sığırçın dəstələri Şuşanın üstündə sürü ilə bir-birinin içinə girib göyün yeddinci qatına doğru milləndilər. Balina və delfin okean sularını burunları ilə necə yarıb üzə çıxırsa, sığırçın dəstələri də eyni güclə baş-başa gəlib bəyaz səmanı yara-yara göyün zirvəsinə doğru səmt aldılar. Bir andaca qartalı xatırladım. Sığırçınlar gözlərim önündə böyüyüb qartal dəstəsinə çevrildilər. Dağlar sultanı ilk dəfə idi ki, sürü şəklində qanad çalırdı. Yana dönəndə ani olaraq Qurdun yanında qartalın məğrur sifətini gördüm. Elə bil ki, bu müdhiş səhnəni seyr etmək üçün onun ruhu “mən əbədi həyatın  nur çöhrəli sakiniyəm!”, - demək üçün durduğumuz daşın üstünə qonaq gəlmişdi. Ani olaraq gəldiyi kimi də göz qırpımında gözlərimdən çəkilib getdi. 
İndi yenidən göyün üzündən dünyaya meydan oxuyan sığırçın sürüsünə tamaşa etməyə başlamışdım. Xarının Şuşanın azadlıq müjdəsi ilə yazdığı SMS məktubuna cavab olaraq qəhrəman şəhərin səmasında dövrə vuran sığırçın dəstəsinin şəklini çəkib göndərdim. Dalınca yazdım ki, İnşallah bu şərəfli gün yaxındadır. Biz artıq Şuşanı görürük! Artıq ruhən Şuşa ilə qucaqlaşmışdıq. Uzaqdan seyrinə dalmaq nə qədər əzəmətliydisə, könül oxşayan bu türk qalasının yaxınında olmağın öz, qoynuna qısılmağın tamam başqa bir ləzzəti vardı. Bu həzzi, bu ləzzəti hiss edir qürurlanırdıq.
Baş-başa gələn sığırçın sürüləri ox kimi səmaya doğru qanad çalırdı. Buludlar yavaş-yavaş səmadan çəkilib günəş şüalarına yer verməyə başladılar. Bu vaxt sığırçın sürüləri ucu-bucağı görünməyən əzəmətli bir dəhliz yaratdı. Günəşin şəfəqləri bu dəhlizlə dümdüz Şuşanın üstünə çilənir, hər zaman aydın səmaları bəzəyən ulduzlar ilk dəfə idi ki, günün günorta çağı gözə dəyir və indi sərt qayaların üstündə bərq vururdular. Şuşa ilə Günəş arasında yaranmış nur körpüsü getdikcə gurlaşırdı. 
Qurd qəflətən saatına baxdı və tövşüdü. Sanki nələrinsə baş verəcəyindən, söhbətinin yarımçıq qalacağından təlaş keçirirdi. Titrək bir səslə sözə başladı:
–Anamın arzusu mənə Cıdır düzündə toy çadırı qurmaq olub. Mən də anamsız nə ailə qurmaq, nə də toy etmək fikrindəyəm. Şəhadətə də elə Cıdırın küləyini dadandan sonra yüksələcəyəm. Tarix, sən də son istəyimi yerinə yetirərsən. Şuşanın harasında dəfn olunsam, mənim üçün Cıdır düzüdür. Şükürlər olsun Allahın böyüklüyünə, ucalığına, əzəmətinə! Nə gözəldir Şuşa torpağında əbədi həyat qazanmaq İlahi!? Şuşanın fəthi xarıbülbülə əbədi həyat verəcək. Məzarım üstümdə ona görə qərənfil istəyirəm ki, heç vaxt onun çəkdiyi acılar unudulmasın!
Birdən Cəsurun sözlərini xatırladım: Allahın sevgisi idi ki, bu şərəfsiz işğalçılar torpaqlarımızı sülh yolu ilə geri qaytarmadılar. Yoxsa qiyamətə qədər xalqımızın üzündə silinməz ləkə qalacaqdı. Minnət yükü, qəddimizi əyər, çiynimizi sındırıb qamətimizi şaqqalayardı. 
Mənə elə gəlirdi ki, şəhidlərin ruhları Şuşa səmalarında qanad çalır və mələk qiyafəli görkəmləri ilə ətrafın göz oxşayan gözəlliyinə xüsusi bir əzəmət verirdilər. Səmada axışan buludların naxışabənzər kölgələri ata yurdumuzun əzəmətinə yeni bir möhtəşəmlik bəxş edirdi. Dodaqaltı “Yeriniz məlum igidlər. Böyük Tanrı Əbədi məkanınızı qiyamətə qədər rahatlıqla qorunsun”, - pıçıltımı Qurd eşitdi və dönüb gözlərimin içinə baxanda baxışlarındakı intiqam alovunun istisindən heyrətlənib əllərimlə üzümü örtüm. 
Lopa buludların kölgələri günəş şəfəqlərinə çevrilib hər yerə nur çiləyirdi. Elə bu anda düşündüm ki, Şuşa yer kürəsinin yeganə günəş şəhəridir. Ətrafda nə vardısa hamısı günəş kimi işıqlı, nurlu və parlaqdı. Elə Topxananın özü də. Göz oxşayan meşənin hər bir ağacı günəş şəfəqlərinə bürünüb öz şəms gözəlliyi ilə dünyaya meydan oxuyurdu. Bir-birinə heç bənzəməyən ağaclar nəhəng gövdələri, yaraşıqları, əyilməz qamətləri ilə öyünə-öyünə bəhsə girmişdilər. Bu gözəlliyi seyr edən külli-aləm heyrətamizin ziba görkəmindən həzz alırdı. Kahanın bu biri üzündən Topxananın seyrinə dalan Şuşa ağacların bəhsindən qürrələnirdi. 
Vətən yolunda canını fəda edən şəhid silahdaşlarımızı unutmağa haqqımız çatmırdı. Buna baxmayaraq, bəzən günlərlə onları düşünməyə belə vaxt tapa bilmirdik. Şuşaya istiqamət alandan sonra nəfəsimizin hərəkəti də bu müqəddəs varlığın azadlığı yoluna bağlanmışdı. Qan-tər içində irəlilədiyim bir vaxtda düşündüm ki, şəhid, qazi və nakam ruhlarımıza ən böyük ehtiram elə dayanmadan, qorxmadan, böyük qəhrəmanlıqla irəliyə doğru atdığımız addımlardır. Pəncələrimizin toxunduğu ana torpaq öz titrəyişi ilə bütün nakam ruhlara, onilliklər boyu Vətən deyib sızıldayan ürəklərə, bütün Türk dünyasına, İslam ümmətinə, insansevərlərə öz minnətdarlığını çatdırırdı. 
Ağır döyüşlərlə gəlib çıxdıq Şuşanın girişində vaxtilə Qara Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış yarımçıq abidənin qarşısına. Burada azacıq hazırlıq işləri görüb yenidən hücuma keçəcəkdik. Bakı metrosu məni “20 Yanvar” stansiyasında qoynuna alıb “Azadlıq” stansiyasından cəbhəyə yola saldığı kimi Günəş Şuşa da eyni adlar arasında əzizləyirdi bizi. İndi bu Cənnət-məkanda eynilə 20 Yanvar günü yaşanan acıları xatırlamağa başladım. Uşaq yaşlarında gördüklərim, eşitdiklərim, oxuduqlarım film kimi gözlərim önündə canlanırdı. Gözlərim önündə qocalı, qadınlı, cavanlı əliyalın insanların ümidsiz görməkləri, Qarabağın ölkəmizdən qoparılmasına, kəndlərimizin yandırılmasına, bir-birini əvəz edən ağır terror aktlarına etiraz etdikləri nümayişlər canlandı. Çox uzaqlarda tank tırıltısı eşitdim. Özümdən asılı olmayaraq var gücümlə “Çəkilin kənara! Tank gəlir, hamınızı əzəcək indi”,- deyib bağırdım. Əliyalın Vətən fədailəri yerlərindən tərpənmədilər. Elə bu vaxt üz-gözü çirk-pasaq içində olan igidlərdən biri yaxınlaşıb qolumdan yapışdı. Asta hərəkətlə kənara çəkib dedi:
–Bir-iki qurtum su iç, sakitləş! 
Elə bil ki, yuxudan ayıldım. Ətrafımda silahını silən, çubuq qırıqları ilə çəkməsinin palçığını təmizləyən, patronları darağa dolduran igidlərin hamısı öz işindəydi. Şərəf yolunun son akkordlarını ifa etmək üçün hazırlıqlar gedirdi!
Qorxduğumu düşündüyünü zənn edib yanımdakı hərbçidən utanıb başımı aşağı saldım. O, əsgəri su qabını zorla əlimə basıb dedi:
–Sizi tanıyıram. Bizim kəşfiyyatçı qəhrəmanların cənazələrini Laçın ərazisindən gətirmişdiniz.
Doğma qardaş mehribanlığı ilə qucaqlaşdıq. Əlini geri qaytarmamaq üçün su qabını başıma çəkdim. Amma igid qardaşımın dar gününün ümid yeri olan suyuna qıymadığım üçün dodaqlarımı bərk-bərk sıxdım ki, onun su payından udmayım.
...Yuxudamı görmüşdüm, ruhumamı agah olmuşdu deyə bilmərəm, amma mən bu yerləri qarış-qarış tanıyırdım. Birdən yuxarıdan iri bir kölgə üstümə düşdü və çəkilib getdi. Qurdun isti nəfəsi sifətimə toxunanda ətrafın gözəlliyindən məst oldum. Gözlərim önündə hər yerdə qərənfil canlananda dəli kimi bağırıb avtomatı səmaya çevirdim. Elə bu vaxt hücuma keçmək əmri verildiyi üçün tətiyi çəkmədim. Hər güllənin dəyəri vardı, buna haqqı edənlər olacaqdı, onu havaya atmaq olmazdı.
...Budur şəhərdə qanlı döyüşlər gedirdi. İgidlərimiz sıldırım qayaların qoynuna sığınıb şəhərə dırmanmışdılar. Qurd da daxil olmaqla qayalara sürtünə-sürtünə zirvələrə dırmaşan igidlərimiz bəşəriyyət yaranandan bəri yer kürəsinin ilk və sonuncu silahlı alpinistləri kimi tarix qazanmışdılar. Onların şərəf yolunun səltənətini söz və ifadələrlə daşlara, qayalara, dəri kitabələrə, efirlərə həkk etməyin şərafəti mənim, məhz mən Tarixin üzərinə düşürdü. Şəhadətin şərafətini dərk edərək qayalardan dırmaşan igidlər düşmənə qan uddururdu. Yolun kənarında xırda bir təpənin aramsız atəşə tutulduğunu fərq edib əmin oldum ki, orada ya mövqeyimiz var, ya da tək-tək gizlənənləri nişangaha götürüblər. Atəşlər snayperdən açılırdı. Bəxtəbəxt atəş nöqtəsinə iki güllə sıxdım. Məsafə yaxın olmasa da, vurduğum hədəfdə güclü partlayış oldu. Onun ardınca tükürpərdici bağırtı eşidildi. Beş-on metr sürünüb təxminən adam boyu hündürlükdə olan divarın arxasında daldalanıb həmin o təpəyə tərəf baxdım. İlk gördüyüm Toxgöz  oldu. Bir yerdə dayanmadan nəyinsə başına fırlanırdı. Ləhləməsini, pəncələri ilə yerdən çıxardığı cırmaq səslərini aydın eşidirdim. Bir-iki ağız çağırdığımı eşitdi, səsimi tanıdı, amma məhəl qoymadı. Təxminən də olsa, nə baş verdiyini anladım, qorxdum və ürpəndim! Diqqət edəndə yerdə yaralı uzandığının fərqinə vardım. Yaralının Qurd olduğuna heç bir şübhəm qalmadı.
Yaralıya tərəf yaxınlaşmaq istəyəndə sol çiynimdə dəhşətli sancı hiss etdim. Ağrıdan səndələyib yıxıldım. Özümə gələndə əlimi çiynimə, sinəmə aparıb haradan yaralandığımı yoxlamağa çalışdım. Əlimə qan dəymədi. Snayperin dəqiq atəşindən məni gümüş sikkə xilas etmişdi. Tarixin daha bir gücü! Cibimdən sikkəni çıxardım ki, güllənin zərbəsində az qala iki qatlanacaqmış kimi yuvarlaq əyilib. Yaxınlıqdakı yaralını yadıma salanda bir anda yaşayıb-yaşamağımın fərqini unutdum. Göydəki buludlardan biri sıldırım daşa çevrilib məni altına salsa, yaxud bu dəfə snayper lap başımdan vursa, buna razı olardım, nəinki Qurdu yaralı görməyə. Onun cansız ola biləcəyini düşünəndə bədənimdən gizilti keçdi. Bu anda nə ölümdən qorxdum, nə əsir düşməkdən, nə də ki, mina üstünə çıxmaqdan. Divarın arxasından çıxıb təpəyə tərəf yüyürdüm. Elə bu an Cıdır düzü tərəfdə iki mina partlayışı eşidildi. O, tərəfə baxmaq belə istəməyib addımlarımı yeyinlətdim. Özümü yetirəndə gördüm ki, axan qanını qoxulamaqdan doymayan Toxgöz səmadan, torpaqdan, havadan sanki imdad diləyirmiş kimi inildəyir. Yerə-göyə sığmayan vəfalı məni görəndə günahkar kimi boynunu qısıb quyruğunu ayaqları arasında aldı və zingildədi. 
Diz çöküb Qurdun yanında oturdum...
Şimşək səsi eşidib yerimdə dikəldim. Elə bil ki, mavi səma nəhəng bir ağaca çevrilib zoğlarına nur vermişdi. Bizim Günəş Şuşa geri alınmışdı. Hər yerdə alqış səsləri gəlir, səmaya qələbə atəşləri atılırdı. Bir anda gözlərim önündə Qərənfilin gül kimi aydın, amma solğun bənizi canlandı. Şuşanın azadlığı ilə bağlı müjdəni onun necə qarşılayacağını nə qədər düşünsəm də, ağlım heç nəyi qəbul etmədi. Elə bil ki, düşünmək qabiliyyətimi donmuşdu. Qurdun dizimin üstündə saxladığım başını əzizləyir, saçlarına sığal çəkir, artıq gec olduğunu bilsəm də, gözlərini əbədi yummaması üçün ona yalvarmaq istəyirdim. Göz qapaqlarını barmaqlarım arasında saxlayıb geniş açırdım ki, yumulmasın, Şuşanı doyunca görə bilsin. Bir anda mənə elə gəldi ki, onun özü istəsə yaşaya bilər. O isə şəhadət yolundan geri dönmək fikrində deyildi!
Qurd dərindən köks ötürdü. Yenidən dünyaya gəlmək bax elə bu idi. Sevincdən bütün vücudum titrədi. Birdən inci şəhər Şuşada hərəkət dayandı. Quşlar qanad saxladı, külək əsmədi. Günəşin şəfəqləri gurlaşdı, amma mil kimi hərəkətsiz dayandılar. Bütün canlı aləm Qurda qulaq kəsildi: –Tarix, canım yüngülləşir! Şəhid oluram! Haqqını halal et. Mənə ağlama! Bakıda Şəhidlər xiyabanından bir qərənfil götürüb qurudarsan. Sonra da əllərinin içində möhkəm-möhkəm ovub məzar torpağıma səpərsən. Toxumunu istəmirəm. Qurudulmuş gülün ovuğunu səpərsən məzarım üstünə, onlar cücərib...
Bəlkə də əynində dəmir dəbilqə olmasa, Qurdun yaşamaq şansı yüksək ola bilərdi. Bir-birinin ardınca sinəsindən keçən ağırlıq mərkəzi kənarda olan güllələr daxili orqanlarını dağıtmışdı...
Qurdla son döyüş səhnəmizin akkordları bizim ayrılıq səhnəmiz olmuşdu. Təkcə mənim yox, əsl tarixin də heç vaxt unutmayacağı bir səhnə: Hər ikimiz snayperlə silahlanmışdıq. Sadəcə olaraq hədəf nöqtəsinə fərqli yollarla hərəkət edəcəkdik. Yetərincə güllə ilə yükümüzü tutub yola düzəlmişdik. Şuşanın mehi üz-gözümüzü yalayan bir anda Toxgöz bütün mehri ilə ayaqlarıma dolaşmağa başladı. Vəfalının mənimlə sağollaşıb Qurda yoldaşlıq edəcəyini görəndə ürəyim titrədi. Əslində, onun Qurda yoldaşlıq etməsindən çox sevindim. Aşağı əyilib üzünü tumarladım, gözlərindən öpdüm. Savaş günlərimizin sədaqətli yol arxadaşına hamımız adından minnətdar idim! Vidalaşıb ayrıldıq. İki qardaş qucaqlaşıb halallaşıb yola çıxmışdıq. İndi yaşadığımız ayrılıq səhnəsi bu yolun sonu, yeni bir yolun başlanğıcı olacaqdı!
İndi Günəş Şuşanın şəfəqləri altında şərəfli döyüş yolumuzun ayrılıq səhnəsinin son akkordları çalınırdı. 
...Qurd kaha tərəfdən qayalıqdan Şuşaya dırmaşan igidlərlə çiyin-çiyinə yol gəlib Zirvəyə ucalmışdı. Şəhadət və qazilik vəhdətindəki məğrurluq toxumundan cücərən çiçəklər onların əbədiyyət yoluna ətir saçırdı. Mənim taleyimə isə kəmər yolla irəliləmək düşmüşdü. Qurdu təxminən 1880 metr aralıdakı kilsədən açılan atəşlə vurmuşdular. Zərdüşt məbədinin erməni kilsəsinə çevrilməsindəki tarixi saxtakarlıq təkcə onun quruluşunda deyil, eləcə də terrorçuların isti yuvasına çevrilməsindən görünürdü. Qurdun döyüş mövqeyindən bir az aralıda daha iki igidimiz kilsədən açılan snayper atəşi ilə şəhid olmuşdu. 
Hamısı silahlı, kürəyini düşmənə çevirməyən bu qəhrəman igidlər mərkəzdən verilən “kilsəni dağıtmaq olmaz, ora atəş açmayın!” tapşırığının güdazına getmişdilər. Bu fürsəti qaçırmayan amansız düşmən, yenə də, xislətinə uyğun namərdlik etmişdi...
Xarının Qərənfil ilə bağlı qərarı ürəyimi qürurlandırmış, məni uşaq kimi kövrəltmişdi. Yazdıqlarından, göndərdiyi şəkillərdən aydın görünürdü ki, dedikləri həqiqətdir: həftədə ən azı iki dəfə xəstəxanada Qərənfilə baş çəkirdi. Onun səhhətindən söz salmasa da, mən hər şeyi başa düşürdüm...
Xarı gen-bol həkimlərdən gileylənirdi ki, Qərənfilin yanında çox qalmağa imkan vermirlər. Ürəyi və bütün daxili orqanları tam sağlam olduğu üçün həkimlər Qərənfilin təbii doğuş etməsini istəyirdilər. Bu, həm də onun depressiyadan çıxması üçün görülən tədbir, son ümid imiş. Savaşdan, döyüş meydanından, güllə, mərmi səslərindən başım açılan kimi xatirələr dünyasına qapılıb, olub keçənləri yadıma salır, çoxunun mümkün olduğuna inanmasam da, fantastik xəyallar qururdum. Oğlumuz doğulacaqdı, oğlumuz..! Düşməni hər tərəfdən dalana dirəsək də, həm qələbənin elan olunmaması, həm də Qərənfilin başqa bir ad nəzərdə tuta biləcəyini düşündüyüm üçün övladımıza fikirləşdiyim Qələbə adını dilimə gətirmirdim.  İndiyədək adamlarda bu ada rast gəlməsəm də, mənə elə gəlirdi ki, türk kişisinə yaraşan ən gözəl isimdir və düşməni məhv edəndən sonra bu ad çox geniş yayılacaq. İstanbulun fəthi, Çanaqqala zəfərinin, Sakarya meydan döyüşlərinin, İqdırın, Qarsın, Ərzurumun, Naxçıvanın qurtuluşu, Təbrizin, Bakının, Gəncənin, Ərk və Əlincə qalalarının müdafiəsi yollarında, Türküstanın müstəqilliyi naminə canlarını fəda edən qəhrəman əcdadlarımızın törəmələrinə bundan sonra bu adı çox qoyacaqdılar.
Şuşanın fəthi üçün çıxdığımız üç gün, üç gecəni say-seçmə igidlərlə çiyin-çiyinə yol gəlmişdik. Qarlı dağları aşıb, cəngəl meşələri keçib, çırmalanmadan çaylar adlayıb Şuşaya çatmışdıq. Bəli, belə qəhrəmanları olan xalq, sadəcə olaraq, illərdən bəri uzaq düşdüyü qeyrət qalasına yüyürə-yüyürə gəlib çatmışdı. Dağları aşıb, qayaları yalın əllə dırmaşan igidlər göz oxşayan gözəlliyi ilə mübarək qədəmlərə xoşgəldin edən Şuşanı yağıdan təmizləyib hər bir qarış torpağı paklaşdıra-paklaşdıra şəhərin müqəddəsliyini özünə qaytarmışdılar. Şəhərə girəndə sevinc hissləri gözlərimi elə qapatmışdı ki, dağıntıları, illərdən bəri qeyrət qalamıza verilən əzab-əziyyətin nişanələrini görmək istəmirdim. Hər şey gözümə gözəl, ülvi, vüqarlı görünürdü. Günəş Şuşa par-par yanır, bütün dünyaya şəfəq saçırdı...
 
Qurdun cəsarəti güc verdi mənə,
Qayadan dırmaşmaq yaraşır ərə,
Qürurdur, şərəfdir olanlar elə,
İnamın, inancın getmədi yelə,
Zəfəri qazandın döyüşdə belə!
Döyüşdə belə!!!
Bu misraları Şuşada İnternat məktəbinin həyətində toplanan igidlərin sazlı-sözlü məclisində eşitmişdim. Bir qismi qurşaqdan yuxarı köhnə bir divarın, bəziləri əllərinə keçən daş parçalarının üstündə oturan, ikisi isə otluğun üstünə yayxanan igidlər öz aləmlərinə elə qapılmışdılar ki, sanki dünyada bir özləri vardı, bir də Günəş Şuşa! Əsgər paltarlı aşığın titrək səslə oxuduğu misralara həzin dad qatan parlaq simlərin cingiltisi səmada qanad çalan quşları da dayandırmışdı. Dörd bir tərəfdən aydın görünən bu milli hərbi folklor məclisinə əzəmət gətirən igidlərin rəşadətli Qələbəsi idi. İgidlər səmimi davranışları və təbii düzülüşləri ilə o qədər arxayın və qayğısız tablo düzəltmişdilər ki, burada ancaq mənəvi rahatlığın gözəllik səltənətinin tərənnümü görünürdü. 
Gözlərim hər yerdə Qurdu və onun timsalında igid qardaşlarımı axtarırdı. Dəstəmizin igid şəhidlərini bircə an bunların arasında görmək üçün sızıldadığım bir vaxtda eşitdiyim bu misraların bizim Qurda qoşulduğunu haradan bilərdim ki? Başı, qolu, ayağı sarıqlı cəsurluq rəmzi olan bu qəhrəmanların yanında dayanmaq istəsəm də, diqqətlərini yayındırıb mənəvi dünyalarından ayıra biləcəyimdən qorxub dərhal kənara çəkildim. Onlar heç tərəddüd etmədən rəşadət səltənətinin gözqamaşdırıcı aynasına baxmaqdan usanmırdılar. Çünki bu mənəvi səltənət onlara verilməmişdi, onu qazanmışdılar! İndiyədək dünyadakı heç bir müharibədə misli görünməyən Şuşa qalibiyyət dastanının mürəkkəbi igidlərin qanı, qələmi bədənlərindən ayrılan əzaları olmuşdu. Günəş Şuşanın azadlıq dastanı aydın səmaya həkk olunmuşdu. Şəhərin sevinc hisslərini dərk edə bilən hər kəs bu dastanın məzmununu işıqlı səmanı seyr edərək oxuya bilərdi! 
 
İndi tamaşasına dayandığım igidlərin sevinc və rahatlığı şəhid və qazilərin füsunkar varlığını zirvələrə yüksəldib ən uca yerdən bütün cahana göstərirdi: Bu, bizik! Qarabağ Azərbaycandır! Böyük bir xalq Vətənin dar günündə Vətəndar olub imperiyalara meydan oxuya-oxuya ana torpağı asidən xilas etmək üçün şərafət yürüşünə çıxmışdı. İgidlər sıldırım qayalara sarılıb yuxarıya dırmaşa-dırmaşa zirvələri fəth etdilər. Birinci fəthimiz bu qayaları dırmaşmaq idisə, ikinci fəthimiz təpədən-dırnağa kimi silahlanmış düşməni barmaqlarımızla boğa-boğa, dişlərimizlə çeynəyə-çeynəyə məhv etməyimiz oldu. Şəhəri vandallardan, qatillərdən təmizlədik. Boyuna biçilən azadlıq libasını ahəstə-ahəstə Şuşanın əyninə geyindirdik. Qoca Qafqazın sərt dağ təpəsində dünyanın nadir incisi olan Şuşanı təkcə düşməndən azad etmədik, onun bütün varlığına, mədəniyyətinə, tarixinə, təbiətinə yeni bir həyat verdik, dağıdılıb məhv edilməsinin, murdarlanmasının qarşısını aldıq. Şuşa indi azaddır, azad! Ulu ruhlar sevinin, Şuşa deyə-deyə dünyadan nakam köçən sevgili insanlar, ruhunuz şad olsun, məzarlarınız üstündə bundan sonra əkilməyən toxumların gül-çiçəyi bitəcək. Qurdun məzarı üstündə göyərəcək qərənfil gülünün toxumları hara düşsə, orada xarıbülbül bitəcək. 
İgidlərin çal-çağır məclisindən aralanmaq istəyəndə müharibənin qızğın günlərində müşayiət etdiyimiz minatəmizləyən qrupun sıra ilə gəldiyini gördüm. Uzun illərin ayrılığından sonra qəflətən doğma qardaşı görəndə keçirilən hissləri yaşadım. Dəstənin önündəki hərbçinin mənə Azıxdan tapdığı gümüş sikkə bağışlayan igid olmadığını görəndə dizlərim iki büküldü. İgidlərin arasında məni tanıyanlar oldu. Başlarını aşağı saldılar. Sarsıdıcı xəbərə dözə bilməyəcəyimdən qorxub sakitcə yanımdan ötüb keçdilər...
 
 

Facebook Beğenenler

Yorum yapılmadı!

Yorum yapmak için aşağıdaki formu kullanabilirsiniz.

Yorum Yaz!

E-Posta adresiniz yayınlanmayacaktır.
* İşareti olan alanlar gereklidir.